Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия





30.07.2014 16:39

“Caspian Oil and Gas” sərgisi – “Əsrin Müqaviləsi” ilə əsası qoyulan qlobal əməkdaşlığın davamı

3-6 iyun tarixində Bakı Ekspo Mərkəzində Xəzəryanı regionun enerji sektorunun irimiqyaslı tədbiri - 21-ci Beynəlxalq Xəzər Neft və Qaz (“Caspian Oil and Gas 2014”) sərgi və konfransı keçirildi.  “Caspian Oil and Gas” sərgisi hər il neft və qazın hasil edilməsi və emalı, nəqletmə və maddi-texniki təchizat, eləcə də əlaqədar servis xidmətləri sahəsində qabaqcıl texnologiyaların nümayişi, habelə neft-qaz bazarının inkişaf təmayülləri, Xəzəryanı regionda potensial əməkdaşlıq imkanları və dünyada enerji təhlükəsizliyi üzrə problemlərin həlli perspektivlərinin müzakirəsi üçün neft sənayesinin aparıcı mütəxəssisləri və liderlərini bir araya toplayır. “Caspian Oil and Gas” layihəsinə Azərbaycan Respublikası Energetika Nazirliyi və Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) tərəfindən mühüm dəstək göstərilir.

Ənənəvi olaraq sərginin təntənəli rəsmi aşılış mərasiminə başçılıq edən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev bu əlamətdar hadisə münasibəti ilə iştirakçıları, qonaqları və təşkilatçıları təbrik etdi. Öz çıxışında Azərbaycanın sürətli inkişaf templəri və enerji kompleksinin ölkə iqtisadiyyatındakı rolunu vurğulayan dövlət başçısı iyirmi ildən artıq müddət ərzində mühüm sənaye tədbirlərinin flaqmanı olan neft-qaz sərgisinin həm aktuallığına, həm də populyarlığına qiymət verdi: “1994-cü ildə keçirilmiş ilk sərgi dünya neft-qaz şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına göstərilən diqqəti daha da artırdı və mən şadam ki, bu diqqət bu günə qədər davam edir. Əlbəttə, son iyirmi il ərzində Azərbaycan neft-qaz sənayesinin inkişafı və qlobal enerji təhlükəsizliyinə töhfəsi sayəsində diqqət mərkəzindədir. 1994-cü ildə ilk sərgi keçirildi, bir neçə ay sonra isə bizim hazırkı uğurlu inkişafımızı mühüm dərəcədə müəyyən edən “Əsrin Müqaviləsi” imzalandı. Bu, tarixi hadisə idi, belə ki, “Əsrin Müqaviləsi” olmadan, bu gün vəziyyətin nə yerdə olacağını təsəvvür etmək belə çətindi...  Biz dost və tərəfdaşlarımızın, yəni həm xarici neft şirkətlərinin, həm də hazırkı sərgi təşkilatçılarının fəaliyyətini yüksək qiymətləndiririk. Həmçinin, bu, bizim ümumi uğurumuza da şərait yaratdı və bu gün hazırkı sərgidə 400-dən artıq şirkətin iştirak etməsi də ümumi uğurumuz sayəsində mümkün olmuşdur. Mən əminəm ki, gələn ilin iyun ayında keçiriləcək növbəti sərgidə biz yeni uğurlar barədə danışacağıq” (3 iyun 2014-cü il tarixində keçirilmiş “Caspian Oil and Gas 2014” sərgi və konfransının açılışında çıxış edən Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin nitqindən).

Həmçinin, “Caspian Oil & Gas 2014” sərgisinin rəsmi açılış mərasimində ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Riçard Morninqstar ABŞ-ın prezidenti Barak Obamanın adından, Böyük Britaniya baş nazirinin Azərbaycanla ticarətin inkişafı üzrə xüsusi elçisi Çarlz Hendri Böyük Britaniya baş naziri Devid Kemeronun adından, Norveçin neft və energetika nazirinin müavini Kare Fostervold Norveç Krallığının baş naziri Erna Solberqin adından və Avropa İttifaqının Azərbaycandakı missiyasının başçısı Malena Mard Energetika üzrə Avropa komissarı Günter Ottinqerin adından sərgi və konfrans iştirakçılarına salamlama məktubunu oxudular. Açılış mərasimində “BP” şirkətinin baş direktoru Robert Dadli də çıxış etdi. Həmçinin, “Caspian Oil & Gas 2014” sərgi və konfransının “VİP” qonaqları arasında Litvanın energetika naziri Yaroslav Neveroviç, Enerji Xartiyasının baş katibi Urban Rusnak, Türkiyənin energetika və təbii resurslar nazirinin müavini Metin Kilçi, ABŞ Dövlət Departamentinin Enerji resursları bürosunun baş məsləhətçisi Daniel Ştayn və digərləri yer alırdı.

Açılış mərasiminin sonunda Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev “VİP”-turda iştirak edərək bir sıra stendlərə baş çəkdi. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ekspozisiyasında “Əsrin Müqaviləsi”nin imzalanmasından sonra iyirmi il ərzində əldə olunan uğurlar geniş şəkildə əks etdirildi. Son illərdə aparılmış məqsədyönlü və davamlı işlər sayəsində ARDNŞ beynəlxalq səviyyəli şirkətə çevrilib. Hazırda müxtəlif ölkələrdə ARDNŞ-ın 13 nümayəndəliyi fəaliyyət göstərir. Bundan əlavə, ARDNŞ xarici ölkələrdə alqı-satqı ilə məşğul olan strukturlar açır, Gürcüstan və bir sıra Avropa ölkələrində isə ARDNŞ-ın 340-dan çox yanacaqdoldurma məntəqələri fəaliyyət göstərir. Bir fakt da diqqətə çatdırıldı ki, son illər ərzində ARDNŞ-ın sifarişi və maliyyə dəstəyi ilə Respublikada 43 sosial obyekt istismara verilib. Həmçinin, Prezident cənab İlham Əliyevə şirkətin perspektivli planları barədə də məlumat verildi.

“Əsrin Müqaviləsi”nin imzalanmasından bəri Böyük Britaniyanın “BP” şirkəti Azərbaycanla sıx əməkdaşlıq edir. Dünyada xüsusi nüfuza malik olan bu şirkət Azərbaycanda neft-qaz sektorunun inkişafı və ən müasir standartlar səviyyəsində yenidən qurulması üçün əlindən gələni əsirgəmir. Dövlət başçısına “BP” şirkəti tərəfindən yaxın illərdə həyata keçiriləcək layihələr barədə məlumat verildi.

ARDNŞ-ın təsis etdiyi “Bos Shelf” şirkəti də respublikamızın neft-qaz sektorunun ən mühüm layihələrində fəal şəkildə təmsil olunur. Bu iqtisadi struktur “Şahdəniz” layihəsinin ikinci mərhələsi çərçivəsində dərin özüllər zavodunun təkmilləşdirilməsi və bir sıra digər layihələr üzrə müvafiq işlər həyata keçirəcək.

Prezident cənab İlham Əliyev həmçinin “SOCAR Turkey”, “GDF Suez”, “Saipem”, “RusNeft”, “TPAO”, “Statoil”, “Samsung”, “Caspian Shipyard”, Almaniyanın Federal İqtisadiyyat və Energetika Nazirlyi, “Halliburton” və “Sarvak Kish Engineering & Drilling Services” şirkətlərinin stendləri ilə də tanış oldu.  Ekspozisiyalarla tanış olan ölkə başçısı bir daha sərgi və konfrans iştirakçılarına uğurlar arzuladı.

Bu il Azərbaycanın neft-qaz tarixinin mühüm hadisəsi - “Əsrin Müqaviləsi”nin iyirmi illik yubileyi də qeyd edilir. Bakı Ekspo Mərkəzinin foyesində təşkilatçılar tərəfindən “Əsrin Müqaviləsi”nin yubileyi, onun tarixi və nailiyyətlərinə həsr olunmuş xüsusi stend quraşdırılmışdı. Burada cənab Prezident artıq 15 ildən çox müddət ərzində “Caspian Oil & Gas” sərgisinin tarixini qoruyub saxlayan fəxri qonaqlar kitabına öz ürək sözlərini yazdı.

Bu il sərgidə dünyanın 29 ölkəsindən 402 şirkət iştirak edirdi. Dünyaca məşhur şirkətlər sərgi meydançasının 70%-dən çox hissəsini tutmuşdu. Debütant şirkətlər isə öz bizneslərinin Xəzəryanı regionda genişləndirilməsi üçün bu sərgidən başlanğıc meydança kimi istifadə edirdilər. “Caspian Oil and Gas” beynəxalq sərgisinin iştirakçı tərkibinin daim yenilənməsi və genişlənməsi dünya neft-qaz cəmiyyəti tərəfindən ona olan marağı vurğulayır. Yerli şirkətlər iştirakçıların ümumi sayının 35%-ni təşkil edirdi. Sərgi ekspozisiyasının ümumi artımı isə 10% oldu.

Sərgi Bakı Ekspo Mərkəzinin üç pavilyonunu əhatə etmişdi və sərginin ekspozisiyası aşağıdakı tematik bölmələrdən ibarət idi: neft hasilatı və enerji resurslarının daşınması sahəsində müasir texnologiyalar, neft və qazın (anbarda) saxlanması üçün müvafiq sistemin təmin edilməsi, regionda mövcud və gələcək neft-qaz layihələri və s.

Ardıcıl olaraq ikinci ildir ki, sərgi çərçivəsində  “BP” şirkəti və onun Azəri-Çıraq-Günəşli (AÇG), Bakı-Tbilisi-Ceyhan (BTC), Şahdəniz (ŞD) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) layihələri üzrə tərəfdaşları tərəfindən “Alıcı ilə tanış ol” (“Meet the Buyer”) şüarı altında tədbir keçirilirdi. Bu tədbirdə istismar təminatı, mühəndis-texniki işlər, tikinti, material-texniki təminat, tullantıların yığılması və təmizlənməsi, müxtəlif işgüzar xidmətlər və s. göstərilməsi sahəsində ixtisaslaşan yerli şirkətlər iştirak edirdilər.

ARDNŞ, “BP”, “Total”, “Statoil”, “RussNeft”, “Caspian Marine Services Limited” və bir sıra digər şirkətlərin möhtəşəm stendləri eksponatların miqyası və dizaynı ilə ziyarətçiləri valeh edirdi. Ən fəal iştirakçılara xüsusi sertifikatlar təqdim edildi. Statistikaya əsasən, sərgini 8114 nəfər ziyarət etdi ki, onların da 97%-ni mütəxəssis və qərar qəbul edən şəxslər təşkil edirdi.

Sərgi çərçivəsində şirkətlərin neft-qaz sənayesi nümayəndələrinin geniş dairəsi üçün aktual olan seminar və təqdimatları keçirildi. Belə ki, 4 iyun tarixində “Intertech Corporation” şirkəti tərəfindən “Neft sənayesi və ətraf mühit üzrə müasir analitik avadanlıqlar” mövzusuna həsr edilmiş seminar təşkil olundu. 5 iyun 2014-cü il tarixində isə “DVC”, “Coca-Cola” şirkəti və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin birgə proqramı olan “Youth inc.” təşkilatının iştirakçıları üçün ustad dərsləri keçirildi. Proqramın məqsədi “Gənc sahibkarlıq” anlayışı və fərdi sahibkarlığın təşkili üçün gənclərə verilən dəstəyin inkişaf etdirilməsi idi.

Bu il 4-5 iyun tarixlərində “JW Marriott Absheron Baku” otelində keçirilən  “Caspian Oil and Gas” beynəlxalq konfransı işgüzar proqramın mühüm komponentinə çevrildi. Hər il keçirilən bu konfransda dünyanın 30-dan çox ölkəsindən 500-dən artıq nümayəndə iştirak edirdi. Dünyanın müxtəlif ölkəsinin dövlət strukturlarının 50-dən artıq nümayəndəsi, neft-qaz sənayesinin aparıcı ekspertləri, iri neft-qaz şirkətlərinin rəhbərləri öz məruzələri ilə çıxış etdilər. Onların arasında Azərbaycan Respublikasının energetika naziri Natiq Əliyev, ARNŞ-ın prezidenti Rövnəq Abdullayev, Azərbaycanla ticarətin inkişafı üzrə Böyük Britaniya baş nazirinin xüsusi diplomatik elçisi Çarlz Hendri, İran İslam Respublikası Neft Nazirliyinin Avropa, Amerika və Xəzəryanı ölkələr üzrə departamentinin baş direktoru Hüseyn Əsmaili Şahmirzadə, Enerji Xartiyasının baş katibi Urban Rusnak, Bolqarıstanın Xarici İşlər Nazirliyinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi Laçezar Matev, ABŞ Dövlət Departamentinin Enerji resursları bürosunun baş məsləhətçisi Daniel Ştayn və digərləri var idi.

Konfransda əlamətdar hadisə - “Əsrin Müqaviləsi”nə həsr olunmuş ayrıca iclas keçirildi və burada iştirakçılar müqavilənin tarixi, onun həyata keçirilməsi və əldə olunan nailiyyətlərlə tanış oldular. Həmçinin, konfransda aşağıdakı mövzulara da toxunuldu: Avrasiyanın enerji təchizatında Azərbaycanın rolu, Beynəlxalq əməkdaşlıq və “Əsrin Müqaviləsi”nin həyata keçirilməsi, Xəzər regionundan neft və qazın daşınmasının diversifikasiyası, irimiqyaslı neft və qaz layihələrinin davamlı inkişafının təmin edilməsi: qaz qiymətlərinin formalaşdırılması və uzunmüddətli müqavilələr, enerji resursları bazasının genişləndirilməsi, alternativ enerji mənbələri, qazma və emal texnologiyaları, Xəzər regionunda ekoloji təhlükəsizliyin təmin edilməsi, Azərbaycanda neft-kimya və neft emalına baxış və gələcək inkişaf perspektivləri. ХХI əsrin layihələri (“Şahdəniz-2”, “TANAP” və “ТАР”) çərçivəsində beynəlxalq əməkdaşlığa dair aktual məsələlər, dəniz platforması, qazma qurğuları və dəniz boru kəmərlərinin tikintisində innovasiyalar, Xəzəryanı regionda həm hasilat sənayesi, həm də neft-qaz resurslarının daşınması sahəsində yeni layihələr xüsusunda geniş müzakirələr təşkil edildi.

Sərgi və konfransın sponsor tərkibi də tədbirin statusunu bir daha vurğuladı. Belə ki, “Caspian Oil & Gas 2014” sərgisinin baş sponsoru ilk gündən sərgidə fəal iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) idi. Qızıl sponsorlar qismində “BP Azerbaijan” və “Baker Hughes” şirkətləri, gümüş sponsorlar qismində isə “Nobel Oil LTD”, “Caspian Drilling Company”, “RWE DEA AG” və “Inpex Corporation” şirkətləri çıxış etdilər. Bürünc sponsorlar qismində “SVAP BT”, “Caspian Geophysical JV”, “Conoco Phillips”, “Cross Caspian Oil and Gas Logistics”, “Ernst and Young”, “Nobel Oil LTD”, “Dassault Systèmes”, “SNF Vostok”, “Azfen J.V.”, “Azeri MI Drilling Fluids”, “Bos Shelf”, “RussNeft”, “Caspian Marine Services”, “Tekfen Construction and Installation Co. INC.”, “Dentons”, “Schlumberger”, “SOCAR AQŞ”, “Statoil”, “TAP”, “Total E&P Azerbaijan” və “Welspun Middle East DMCC” şirkətləri çıxış etdilər. “Caspian Oil & Gas 2014” sərgisinin rəsmi avtomobili “Toyota” idi. Konfransın rəsmi aviaşirkəti qismində “Ukrayna Beynəlxalq Hava Yolları”, baş media tərəfdaşı kimi isə “Caspian Energy International Media Group” şirkətləri çıxış etdilər.

Sərgi və konfransın təşkilatçıları “Iteca Caspian” və onun tərəfdaşı “ITE Group Plc” şirkətləri idi. “ITE Group Plc” şirkətinin tərəfdaşları - “ITE London”, “ITE LLC Moscow” (Rusiya), “EUF” (Тürkiyə), “GIMA” (Almaniya), “ITE China” (ÇXR) və “ITE Gulf” (BƏƏ) şirkətləri layihə üzərində işlərə cəlb edilmişdi və bu şirkətlər beynəlxalq şirkətləri Azərbaycanda keçirilən sərgidə iştiraka fəal şəkildə cəlb edirdilər. Artıq 9 ildir ki, sərgi “UFI” Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən təqdir olunur. “UFI tərəfindən təsdiq olunub” nişanı sərginin bütün beynəlxalq standartlara uyğun olduğunu təsdiq edir.

Beləliklə, sərgi və konfrans növbəti dəfə beynəlxalq işgüzar əməkdaşlıq və peşəkar ünsiyyət üçün etibarlı platformaya çevrildi. Bu il Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən elan olunan “Sənaye ili”ndə “Caspian Oil & Gas 2014” sərgi və konfransı özü ilə neft-qaz sənayesinin inkişafına əlavə təkan verəcək zəngin məlumat, təcrübə və yeni texnologiyalar gətirdi.

 

bütün xəbərlər





BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Premier Tour
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


SheratonBaku
VALYUTA MƏZƏNNƏSİ
  08/05/2021 09/05/2021
USD 1.7 1.7
EUR 1.8968 1.8968
GBP 2.1937 2.1937
RUR 0.0264 0.0264
HAVA



      Caspian Oil & Gas Conference is Copyright © 2000-2021 Bütün hüquqlar qorunur. Hosted by VebTek